Qaranlıq Rejim
Image
  • bazar ertəsi, 02 noyabr 2026
Dastana dönən HEKAYƏLƏR layihəsi çərçivəsində növbəti şəhid ailəsi ziyarət edildi

Dastana dönən HEKAYƏLƏR layihəsi çərçivəsində növbəti şəhid ailəsi ziyarət edildi

📍 “Dastana dönən HEKAYƏLƏR” layihəsi çərçivəsində bu dəfə yolumuz

bir ananın duasına, bir atanın qüruruna,

bir gənc ömrün əbədiyyətə yazılan adına oldu –

şəhid Qasim Məmmədhəsənovun ailəsinə.

Bu, sadəcə bir görüş deyildi.

Bu, bir övladın taleyini millətin yaddaşına əmanət etmək idi.

Layihə Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olaraq, Mingəçevir Dövlət Universitetinin və Sabirabad Gənclər Evinin dəstəyi ilə həyata keçirilir. Məqsədimiz gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərimizin həyat yolunu danışılan tarixə çevirməkdir.

Qasim anasına çox bağlı idi.

Vətəni də ana kimi sevirdi.

Uşaq vaxtı Azərbaycan bayrağının önündə şəkil çəkdirəndə

elə sevinmişdi ki…

Sanki ürəyi o gün demişdi: “Mən bu bayrağın yolunda yaşayacağam.”

 

Anası deyir:

> “Ömrüm boyu fəxr edəcəyəm ki, Qasim kimi oğlum var…”

Atası isə qürurla deyir:

> “Şəhid atası olmaq da bir şərəfdir…”

 

Qasim Məmmədhəsənov

18 dekabr 2001-ci ildə Moskva şəhərində anadan oldu.

Uşaqlıqdan savadlı, məqsədli idi.

467 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olundu,

Maliyyə və mühasibat fakültəsini bitirdi.

Amma onun həyat yolu

yalnız diplomla bitmədi…

 

2022-ci ilin iyulunda hərbi xidmətə yollandı.

Gəncədə başladı, Şuşada davam etdi.

Laçın istiqamətində gedən döyüşlərdə iştirak etdi.

Xidməti dövründə intizamı və şücaəti ilə seçildi,

komandirliyi tərəfindən fəxri fərmanla təltif olundu.

 

2023-cü ilin 19–20 sentyabr tarixlərində

Xocalının Muxtarkənd, Daşkənd kəndləri

və Xankəndinin “Xaç Postu” yüksəkliyi uğrunda gedən döyüşlərdə

mərdliklə vuruşdu.

 

Və Qasim

Xocalıda şəhidlik zirvəsinə ucaldı.

 

Yaxınları deyir ki, o, uşaq vaxtı tez-tez deyərmiş:

 

> “Mən hərbiyə gedəndə şəhid olacağam…”

Söz bəzən tale olur…

Qasim də sözünü Vətən üçün tutdu.

 

Bu gün şəhid Qasim Məmmədhəsənov

Sabirabad rayonunun Qaraqaşlı kəndində uyuyur.

Doğma kəndində onun xatirəsinə abidə kompleksi ucaldılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə

ölümündən sonra

III dərəcəli “Vətənə xidmətə görə” ordeni

və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Biz inanırıq:

Şəhidlər ölmür.

Onlar adlarını torpağa yox,

xalqın yaddaşına yazdırırlar. 🇦🇿

 

Şərh / Cavab göndərən